Bank kartları ilə bağlı problem aradan qaldırıldı - YENİLƏNİB

20:40 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı açıqlamada bildirilib.

Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər hansı çətinlik müşahidə olunmur.

“Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb.

Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”, - deyə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilib.

***

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.

Hafta.az xəbər verir ki, mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.